Blog
Şəxsi Markanın 6 Elementindən 3-ü
Öz şəxsi reputasiyanızı qurmaq istəyirsinizsə, diqqət etməli olduğunuz məqamları və istifadə edə biləcəyəniz mənbələr haqqında məlumatları əvvəlki yazılarda sizinlə bölüşmüşdük. İndi isə gəldik ən az onlar qədər vacib olan növbəti mövzuya. Burada siz öz şəxsi reputasiyanızı qurarkən müəyyənləşdirməli olduğunuz əsas elementlərlə tanış olacaqsınız.
1.
Birinci element sizin auditoriyanızdır. İlk öncə məqsədləriniz, xüsusiyyətləriniz və ixtisasınıza uyğun olaraq özünüz üçün hədəf auditoriya təyin edirsiniz. Auditoriya deyəndə düşünməyin ki, gənc, qadın, kişi, tələbə və s. kimi geniş kütləni əhatə etməlidir, əksinə hədəf auditoriyanızı seçərkən daha konkret və dəqiq olmalısınız. Auditoriyanın tərkibi müəyyən etdiyiniz məqsədlərinizə çatmağa təsir edən insanlardan ibarət olmalıdır. Bu 1 nəfər, 100 nəfər və ya 1000 nəfər də ola bilər. Yaş aralığı, cinsiyyəti, gəlir səviyyəsi, həyat tərzi, zövqləri, psixologiyası, təhsil səviyyəsi, yaşadığı ərazi, maraq göstərdiyi informasiya növləri, hətta hər gün getdiyi yol, istifadə etdiyi market və daha nələr nələr – gərək ki, hədəf auditoriyanızı bütün xüsusiyyətləri ilə müəyyən edə biləsiniz. Hədəf auditoriyanızı ən az 5 xüsusiyyətlə təsvir edə bilirsinizsə, demək ki, düzgün yoldasınız.
2.
Hədəf auditoriyanız artıq bəllidir, məqsədlərinizi və imkanlarınızı da bilirsiniz. İndi isə vacib olan onlara nə təklif edəcəyiniz, başqa sözlə desək, dəyər təklifinizdir. Fəaliyyətdə olduğunuz iş və ya göstərdiyiniz xidmət haqqında düşünməyin, əsas auditoriyanızın xidmətlərinizdən qazandığı faydadır. Siz dəmir boru istehsal edib dəmirə fokuslansanız, plastik boru istehsalçısı faydaya fokuslanıb sizi keçə bilər. Daha geniş yayılan anlayışla desək, insanların ehtiyacları var və onlar qərarlarını bu ehtiyacların qarşılanmasını əsas tutaraq verirlər. Yəni bir bloqqerin təklif edəcəyi dəyər hədəf auditoriyasının öyrənmək istədiyi bilgilərə yönəlməlidir, müxtəlif mövzulara toxunub hər dəfə ona uyğun auditoriya tapmağa yox.
3.
Bura qədər gəlmisinizsə, özünüz üçün kiçik bir sloqanı çox görməyin. Bu sizi hədəf auditoriyanıza tanıdacaq açar mesajınız olacaq. Təklif etdiyiniz dəyərləri və baxışınızı (vision) əks etdirəcək bir cümləlik, sadə, rahat anlaşılan və təmiz mesaj.
“Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir və onun fəaliyyəti yeni media dünyasında fərdlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına ən düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.”
İnsanlar çox məşğuldur, markanız və dəyərləriniz haqqında məlumat toplamağa həvəsli olmaya bilərlər. Onların sizin mesajınızı qəbul etməyə və anlamağa vaxtları getməməlidir. Onlar mesajınızı oxuyur və qərar verir. Onları təəccübləndirin.
© INPRESS PR Solutions