Blog
Şəxsi Markanın 6 Elementindən 3-ü: davamı
Bir əvvəlki yazımızda markanızda mövcud olmalı olan əsas elementlərdən 3-ü haqqında danışmışdıq. Onlar tam müəyyənləşdirilmiş hədəf auditoriyanız, dəyər təklifiniz və əsas mesajınız idi. İndi isə növbəti 3 element ilə bağlı fikirlərimizi sizinlə bölüşəcəyik.
4.
Əvvəlki 3 element 4-cünün formalaşmasına, yəni markanızın pozisiyalaşmasına kömək edəcək. Bu element qarışıq və səsli-küylü biznes dünyasında sizi işıqlandıracaq. Qısaca desək, pozisiyalaşma hədəf auditoriyanızın düşüncə və təsvirlərində tutduğunuz yerdir. Bu “yer” nə qədər fərqliləşmiş və nə qədər emosional dəyərlərə əsaslanarsa, bir o qədər sarsılmaz olar. Bu səbəbdən əksər güclü markalar fərqliləşmə strategiyalarına yönəlir və öz auditoriyalarına rasional faydalar ilə yanaşı emosional dəyərlər də təklif edirlər. Bunlar yüksək reputasiyalı şəxslər üçün də keçərlidir. Pozisiyalaşma strategiyanızı tərtib etmək üçün müxtəlif mənbələrdən yararlana bilərsiniz. Bunlar auditoriyanızın ehtiyacları ola bilər, onlara çatma yollarınızla bağlı ola bilər və ya təklif etdiyiniz xidmətlərinizlə əlaqələndirilə bilərlər. Növbəti yazılarımızda bu haqda daha ətraflı məlumat verəcəyik.
5.
Bir sonrakı elementimiz tutarlılıqdır. Markanızı ən çox dəyərdən sala biləcək ünsürlərdən biri onunla, xüsusilə də pozisiyanızla bağlı olmayan işlərə diqqət ayırmanızdır. Fəaliyyətiniz, strategiyanız, mesajlarınız, hətta məqsədləriniz nə qədər tutarlıdır və bir-biriləri ilə nə dərəcədə assosiasiya edilirlər? Bütün bu sadaladıqlarımız öz baxışınıza uyğun və əsaslı şəkildə icra edilərsə, və marka siyasətinizdən kənarda işlər görmədikcə daha güclü və davamlı brend imici qazana bilərsiniz.
Qısası, hər dəfə yeni bir iş haqqında düşündükdə, özünüzə bu sualı verin: bu iş markama və baxışlarıma nə qədər uyğundur? Cavabda tərəddüd edirsiniz? Onda həmin fikirdən imtina etməyə tərəddüd etməyin. Əksinə, cavabınız heç şübhəyə yer qoymadan “hə”dirsə, onda dayanmadan irəli…
6.
Sonuncu element Sizsiniz. Şəxsi keyfiyyətləriniz, dəyərləriniz, qüsurlarınız, yerişiniz, gülüşünüz ya da sizi xarakterizə edən hər şey sizin şəxsi markanızın ayrılmaz hissəsidir. Ciddisiniz, ya da şən. Rasionalsınız, ya da emosional. Sakitsiniz, ya da çılğın… Xarakterinizdən gələn xüsusiyyətlər insanların sizi tanımaq üçün ilk istinad etdikləri mənbələrdir. Davranışınızı izləyib sizi bu yolla tanıyırlar, onlarla assosiasiya edirlər. Amma iş bununla da bitmir. Empatiya qurmaq bioloji bir bacarıqdır, insanlar həqiqətən istədikdə bütün maneələri aşıb, hiss etdiklərinizi duya bilərlər. Bu zaman aldada biləcəyiniz yalnız özünüz olarsınız, bu da markanızın sonu deməkdir. Ona görə də əsl baxışlarınıza uyğun və inandığınız yöndə, başqa sözlə desək, özünüzə əsasən markalaşmaq bir zəruriyyətə çevrilir.
© INPRESS PR Solutions