Blog
Auditoriyanız ilə Eyni Dili Danışırsınız?
Bu sual çox adi görünə bilər və yəqin ki, əksəriniz cavab olaraq “əlbəttə” düşündünüz. Amma tez qərar verməyin, mövzu sadə göründüyü qədər qarışıqdır da. Dil deyərkən nəzərdə tutduğumuz auditoriyanız ilə əlaqə qurduğunuz kommunikasiya kanallarıdır. Yəni daha sadə dildə desək, mesajınızı auditoriyanıza ötürərkən istifadə etdiyiniz alətləri nəzərdə tuturuq.
Hər bir brend auditoriyasına dəyər çatdırmaq üçün onlara mütəmadi mesajlar göndərir. Bunun üçün müxtəlif növlərdə kontent hazırlayır (foto, video, mətn, şifahi), sonra onu istədiyi auditoriyaya ötürür. Deməli, kommunikasiya özü 2 elementdən ibarətdir: kontent və o kontenti yayımlayan kanallar. İndiki mövzumuz 2-ci elementlə bağlıdır.
Şəxsi reputasiyanın qurulması prosesində kommunikasiya kanallarını müəyyən edərkən onları 2 növə, yəni daxili və xarici kanallara bölməyinizi məsləhət görürük. Daxili kommunikasiya kanallarına sizə aid olan və özünüzün idarə etdiyiz vasitələr aiddir. Buraya sizin rəqəmsal profilləriniz, özünüzə və ya brendinizə aid bloq, internet səhifəsi, hətta mobil nömrəniz, WhatsApp profiliniz daxildir. Xarici kanallara isə onlayn və ya ənənəvi media, partnyor saytlar, tədbirlər və s. daxildir.
Təəssüf ki, yerli gündəmi müşahidə və analiz etdikdə əksər şirkətlərin, qurumların və fərdlərin mesajlarını ötürməyə çalışdıqları prosesdə uğursuz kanal seçimini tez-tez müşahidə edirik.
Səbəbləri isə çox maraqlıdır. Bunlardan ən vacib hesab etdiyim 3 səbəbi və yerli nümunələri sizinlə bölüşəcəyik:
Birincisi, kontent sahibinin kanalı öz mövqeyinə, hətta zövqünə görə seçməsidir. Misal: Bakının təhlükəsiz şəhər olmasını “Arsenal” azarkeşinə London sakininin izlədiyi bloqqer vasitəsi ilə deyil, yerli qəzet vasitəsi ilə çatdırmaq.
İkincisi, seçimin imkanlara və ya büdcəyə görə təyin edilməsidir. Misal: bir neçə ay vaxt və vəsait sərf edib marketinq tədbiri keçirirsiniz və bu tədbirin uğurlu nəticələri, faydaları ilə bağlı məlumatları kütləvi media vasitələri ilə yayılmasına qənaət edirsiniz. (Gördüyün işi göstər, ya da görmə!)
Üçüncüsü, isə netvörkinq, doğma dildə desək, dost-tanışdır, yəni, hansı kommunikasiya kanalında dost-tanış varsa, ilk oraya üz tuturuq. Bunlar isə istər şəxsi, istərsə də təşkilati marka üçün ölümcüldür.
Nəticə:
Əvəllər kanallar çox deyildi, qəzet, jurnal, müxtəlif çap materialları, radio, televiziya və ya hər yerdə gördüyümüz reklam lövhələri. Bu kommunikasiya kanallarını izləyənləri təyin etmək daha asan idi, ona görə kanal seçərkən qərar verməkdə çox da çətinlik çəkmirdik.
İndi isə yeni virtual dünyamız var, orda hər şey rəqəmsaldır. Onlayn media, sosial media kanalları, internet səhifələri, bloqlar, elektron məktublar və daha nələr. Seçim çoxaldıqca qərar vermək çətinləşir.
Amma daha da çətin olan bildiyimiz dünyadakı bir şəxsə çatmaq üçün virtual dünyada doğru kanalı seçməkdir. İstər ənənəvi kanallar olsun, istər də onlayn, əsas olan auditoriyanızın hansı kanalları izlədiyini və hansı kanallardan gələn informasiyaya etibar etdiyini başa düşməyinizdir.
Yəni onlara mesajınızı təkcə oxudacaq yox, həm də inandıracaq kanallar seçməlisiniz. Məsələn, milleniallar, başqa sözlə, Y nəslinə çatdıracaq kontentiniz varsa, bunu istər onlayn, istərsə də ənənəvi xəbər yüklü kommunikasiya kanalları vasitəsilə çatdırmağa çalışmağınız nəticəsiz qala bilər.
Reklam yönümlü kanallar seçməyin də aqibəti eyni olacaq, çünki onlar adətən reklama inanmır. Sosial media və portallar əla seçim olardı. Təkcə ona görə yox ki, Y nəsli bu kanalları izləyir və onlara inanır, həm də bu kanallar 2 tərəfli kommunikasiyaya imkan yaradır. Siz öz kontentinizi onlara çatdırırsınız, onlar da öz reaksiyalarını rahat şəkildə geri göndərirlər.
Qısası, kanalınızı düzgün təyin edə bilmək üçün auditoriyanızı yaxşı tanımalı və seçimi ona görə etməlisiniz, özünüzə və ya imkanlarınıza görə deyil.
© INPRESS PR Solutions