Blog
Reputasiyanın inkişafı şəxsi münasibətə necə təsir edir?
Cəmiyyətimiz zamanın düzgün idarə olunması ilə bağlı bir çox məqamlarda həssas olmasa da vaxtında ailə həyatı qurmaq mövzusunda çox tələbkardır. Bir insana qarşı bu tələbin əsasını ilk olaraq onun valideynləri, sonra isə yaxın çevrə və dostları qoyur. Bu dəfəki bloq mövzum heç də ailə həyatı qurmaq və ya evlənməklə bağlı tələblərdən yayınmaq üçün etməli olduğunuz addımlar barəsində deyil. Yenə də mövzumuz şəxsi reputasiyanın qurulması və bu prosesdə həyat yoldaşınızla paralel inkişafı təmin etmək üçün vacib olan məqamlara toxunmaqdır. Yuxarıda qeyd etdiyimiz tələbin nəticəsi olaraq cəmiyyətimizdə özünü təsdiq mərhələsinə keçməyə hazırlaşan mütəxəssislərin əksəriyyəti ailə həyatı qurmuş insanlardır.
İlk öncə, düzgün qurulmuş və düzgün idarə olunan reputasiyanın nə ilə nəticələndiyinə nəzər salaq. Müasir rəqəmsal dövrdə düzgün reputasiya dəyərli, uğurlu, faydalı, savadlı, sevimli, tanınmış, xarizmalı və s. keyfiyyətləri əks etdirir. Bu nəticələri əldə etməyin heç də asan olmaması və ciddi intizam tələb etdiyi barədə ötən yazılarımızda qeyd etmişdik. Fikrimizi daha aydın izah edə bilməyimiz üçün yazımıza şərti qəhrəman daxil edir və onun adını çox düşünmədən Əhməd qoyuruq.
Əhmədin 35 yaşı var və o, uğurlu, dəyərli, faydalı olmaq üçün üzərində daha çox çalışmağa qərar verir, həm rasional, həm də emosional keyfiyyətlərini günü-gündən inkişaf etdirir və buna daha çox vaxt ayırmağa başlayır. Bir çox hallarda istədiyinə nail olmaq üçün, o, özünün “komfort zona”sından çıxır. “Komfort zona”da isə illərdir Əhmədin sabit həyat tərzi, ailəsi və həyat yoldaşı var. Əhməd günbəgün dəyərli, uğurlu, faydalı və tanınmış olduqca həyat yoldaşında eyni keyfiyyətlər üzrə əskikliklər yaranmağa başlayır və o, özünü Əhməddən daha az faydalı və ya daha az dəyərli hiss edir. Nəticədə Əhmədə qarşı qısqanclıq, paxıllıq və s. kimi hisslər onun hədəf auditoriyasında yaranmasa da, lakin həyat yoldaşında yaranmağa başlayır. Müəyyən müddətdən sonra Əhməd ciddi seçim qarşısında qalır.
Bəs şəxsi münasibətlərə mənfi təsir etmədən, hətta yolu daha əyləncəli və zövqlü etmək üçün şəxsi brend necə yaradılmalı və idarə olunmalıdır?
İştirak etdirin.
Şəxsi brendinizin qurulmasına birlikdə qərar verin. Gələcəklə bağlı qoyduğunuz məqsədləri birlikdə xəyal edin. Nəticələri, uğurları və uğursuzluqları müzakirə edin və çıxış yollarının düşünülməsində onun da iştirakını hiss etdirin. Yeni mövzuların, kontentin yaradılmasını birlikdə məsləhətləşin.
İnkişaf etdirin.
Sizinlə bərabər o da inkişaf etməlidir. Özünü inkişafla bağlı öyrəndiyiniz yeni vərdişləri onda da yaradın. O da öz sahəsi üzrə mütəxəssis kimi formalaşmalı, emosional və rasional dəyərləri inkişaf etməlidir.
Keçmişə qayıdın.
Yolun ortasında keçmişə baxmağı unutmayın. Haradan hara gəldiyinizi və bunu birlikdə etdiyinizi tez-tez xatırlayın.
© INPRESS PR Solutions