Blog
Böhran Menecmenti Niyə Vacibdir? Böhranın Bir Addımlığında
Böhran Menecmenti şəxslərin, bizneslərin və ya digər qurumların öz pozitiv reputasiyalarını qorumaq üçün yaratdıqları proses və strategiyadır. Bu strategiya daha çox ictimaiyyətdə neqativ fikir yarada biləcək gözlənilməz hadisələr baş verəndə tətbiq olunur. Yəni, o əsasən risk halları ilə əlaqədardır.
Bu gün reputasiya hər şeydir. Bizneslər, layihələr onun üzərində qurulur və onun üzərində məhv olur. Xüsusilə də, internet və sosial medianın yaratdığı imkanların olduğu dünyada… Hər bir məlumat sadəcə bir klik məsafədədir. Bu da reputasiyanızın bir neçə dəqiqə ərzində məhv olma riskini yaradır.
Başqa sözlə, böhran hallarına hazırlıqlı olmaq artıq bir tələbə çevirib. Bu gün istər nəhəng transmilli şirkətlər olsun, istər yerli xidmət təklif edən kiçik bizneslər, istərsə də fərdi şəkildə işləyən ekspertlər – bir sözlə hər kəs böhran menecmenti planına sahib olmalıdır.
Ancaq hazırlıqlı bir plan olduğu halda neqativ bir kontentə dərhal və effektiv cavab verə bilərsiniz. Plan? O, həmişə başda qurulur. Yəni proses gözlənilməz hadisələr baş verdikdə deyil, elə biznesin özü ilə birlikdə başlayır.
Sizin haqqınızda baş verən gözlənilməz neqativ xarakterli hadisələr doğru və ya yanlış ola bilər. Lakin istənilən halda bu sizin üçün eyni mənfi nəticəni yarada bilər. Risk hər bir vəziyyətdə keçərlidir.
Doğru, yanlış… Pozitiv, neytral… Rasional, emosional… Az riskli, çox riskli… Hər bir hal hesablanmalıdır!
Bütün bu hesablamaları elə məhz böhran menecmenti aparır.
Prosesi özü kifayət qədər kompleks və həssas yanaşma tələb edir. Bu sahədə təcrübə də şərtdir. Ona görə də böhran hallarının xarici peşəkar tərəfdaşlar tərəfindən idarə edilməsi xüsusilə əhəmiyyət kəsb edir.
Niyə böhran menecmentinin autsorsinq edilməsi vacibdir?
Bu baş verən hadisələrin neytral yanaşma ilə gözdən keçirilməsinə imkan yaradır.
Haqqında neqativ kontent yaradılan şəxs və ya qurum məsələyə emosional yanaşa və aqressiv cavablar irəli sürə bilər. Bu da problemi ancaq daha da dərinləşdirəcək.
Prosesi idarə edən tərəfdaş qurum və ya şəxs isə məsələyə emosiyalarını qatmadan optimal şəkildə onu həll etməyə çalışacaq.
Həmçinin, bu işlə davamlı olaraq məşğul olan peşəkar tərəfdaşlar öz təcrübələrindən istifadə edərək daha tez və daha arzu olunan nəticə əldə edə bilərlər.
Mövzunun ciddiliyini və yarada biləcək mənfi təsirləri nəzərə aldıqda böhranın gəlməsini gözləmək olmaz. Hazırlıqlı olmaq şərtdir. Bunun üçün böhran menecmentindən başqa digər ən yaxşı vasitələrdən biri də reputasiya menecmentidir. Bu haqda artıq kifayət qədər məlumat vermişik. Burada isə qeyd edək ki, düzgün qurulan və idarə edilən reputasiya böhran hallarının asanlıqla idarə edilməsinə də şərait yaradır.
Böhran menecmentinin işləyişi, funkisiyaları və istifadə oluna biləcək alətlər haqqında daha sonra fərqli yazılarda geniş məlumat verəcəyik.
© INPRESS PR Solutions