Riskin dəyərləndirilməsi nadir hallarda rasional əsaslara dayanır. Riskləri adətən məntiqi düşüncə və emosional qiymətləndirməni birləşdirərək ölçürük.

Blog

İnsanlar Riskləri və Təhlükələri Necə Dəyərləndirir?

Son günlərdə COVID-19 virusu bütün dünyanın gündəmini zəbt edib. Media da, insanlar da onun haqqında danışır, onun haqqında oxuyur. Təhlükə isə getdikcə böyüməkdə, bəzi ölkələrdə isə özü ilə birlikdə ciddi panika gətirməkdədir. Çoxlu dövlətlər tərəfindən xüsusi rejimlər tətbiq edilir və düşünürük ki, bu şərtdir. Hamımız həm dövlətə, həm cəmiyyətə dəstək olmaq üçün qoyulan tələblərə tam şəkildə riayət etməliyik.

Bəs insanlar riskləri, təhlükələri necə dəyərləndirir? Bu yazıda məhz bu suala cavab tapmağa çalışacağıq. Burada risklərin qavranması və kommunikasiyası üzrə məşhur ekspert olan David Ropeikin tədqiqatına istinad edəcəyik. 

Ümumiyyətlə, riskin dəyərləndirilməsi nadir hallarda rasional əsaslara dayanır. Riskləri adətən məntiqi (cognitive) düşüncə və emosional qiymətləndirməni birləşdirərək ölçürük. Məntiqi düşüncə dedikdə, buraya faktları gözdən keçirmək və səbəb-məntiq yolu ilə nəticəyə çatmaq daxildir. Emosional qiymətləndirmə isə intuisiya və təsəvvürdən (imagination) ibarət olur.

İndi isə gələk bu dəyərləndirməyə təsir edən faktorlara. David Ropeik onları müxtəlif xüsusiyyətə bölür. Biz onlardan vacib hesab etdiklərimizi seçib, bəzilərini isə birləşdirib 12-ni sizə təqdim edirik:

  1. İnam: insanlar yaranan risk haqqında aidiyyəti və ya rəsmi qurumlar tərəfindən verilən məlumatlara inandıqda, onlar həmin təhlükədən daha az qorxurlar. İnanmadıqca bu hiss artır.
  2. Mənbə: riski yaradan mənbə insanlar özləri və yaxınları olduqda ona qarşı daha etinasız olurlar. Məsələn, çoxları kiminsə telefonla danışaraq avtomobil idarə etdiyini görəndə hirslənir, amma özü də bunu etməkdən çəkinmir.
  3. Kontrol: riski idarə edə bilmə qabiliyyəti ona qarşı münasibətimizi xeyli dəyişir. Məsələn, avtomobil qəzalarında həddindən artıq insan həyatını itirsə də, insanlar maşın sürməkdən çəkinmir, lakin təyyarəyə minməkdən çəkinirlər, hansı ki, təyyarə qəzası ilə həyat itirmə nisbəti olduqca aşağıdır. Yəni, avtomobil sürərkən risk öz nəzarətimizdə olur, bu isə ona yanaşmamızı yumşaldır.
  4. Təbiətdə baş verən təhlükələrə qarşı daha anlayışlıyıq. İnsanlar tərəfindən yaradılan təhlükələri isə daha ciddi qəbul edirik.
  5. Miqyas: dağıdıcı və qısa müddət ərzində çox insan öldürən risklər insanlar tərəfindən daha təhlükəli qəbul edilir. Zəlzələ, epidemiya kimi təhlükələr buraya aiddir. Xroniki səbəblərdən uzun müddətdə daha çox insanın həyatını alan təhlükələri isə daha az riskli qəbul edirik. Buraya siqaret, diabet və digər xəstəliklər aid ola bilər.
  6. Məlumatsızlıq: təhlükə  ilə bağlı rəsmi şəxslər açıqlama vermədikdə və ya bu haqda ümumiyyətlə məlumat olmadıqda insanlar onu daha riskli qəbul edir və daha çox qorxurlar. Bu da panika yaradan əsas faktorlardan biridir.
  7. Yaxınlıq: riskə yaxın olduqda və ya onlar yaxın hesab etdiyimiz insanlar üçün təhlükə yaratdıqda onu daha yüksək qiymətləndiririk. Məsələn, yaxın biri xərçəng xəstələyinə tutulanda bu xəstəliyi daha təhlükəli qəbul edirik, nəinki uzaq biri. Koronavirus üçün də eyni hal baş verdi. Virus Çində yayılanda onu daha az təhlükəli gördük. Çünki Çin həm məsafə, həm də sosial-mədəni baxımdan bizdən uzaqdadır. İtaliyada və İranda virus sürətlə yayılmağa başlayanda isə təhlükəni daha yaxın hiss etməyə başladıq. 
  8. Təsəvvür (imagination): təhlükə görünməz olduqda və ya çətin başa düşüləndə insanlar həmin risk barəsində daha çaşqın olur və ondan daha çox qorxurlar. Mifik varlıqların daha qorxulu qəbul edilməsinin əsas səbəblərindən biri də budur.
  9. Hadisənin vahiməlilik dərəcəsi: daha vahiməli görünən hadisələr, məsələn, boğulmaq, partlayış, canlı-canlı yeyilmək – digər hadisələrə nisbətən sayca çox az olsa da, daha riskli qəbul edilir. 
  10. Yaş: təhlükə azyaşlılar ilə bağlı olduqda insanlar tərəfindən o daha riskli hesab edilir. Məsələn, cinayət hadisəsi məktəbdə baş verdikdə onu daha təhlükəli görürük nəinki ofisdə baş verərsə. Bu uşaqları, övladları qorumağa yönəlik hisslə bağlıdır.
  11. Tanışlıq: yeni risklər daha təhlükəli qəbul edilir, nəinki bilinən risklər. COVID-19 virusunu insanların daha təhlükəli hesab etməsinin arxasındakı səbəblərdən biri də budur. O yenidir və hələ ki, müalicə yolu da bəlli deyil. Lakin o həqiqətən, təhlükəlidir. Burada onun səbəbləri haqqında danışmayacağam, amma siz hər bir halda bütün tələblərə riayət edin və özünüzü qoruyun.
  12. Spesifiklik: hadisələrin qurbanları daha çox bilindikdə ona qarşı daha çox emosional reaksiya verilir və risk daha yüksək hesab edilir, nəinki qurbanlar adsız qalanda. Həmin şəxs məşhur biridirsə, risk daha da yüksək qiymətləndirilir. Məşhur basketbolçu Kobe Brayantın vertolyot qəzasında həyatını itirməsini xatırlayın.

Gördüyünüz kimi riski qiymətləndirərkən ona təsir edən irrasional faktorlar çoxdur, bu da riskə qarşı münasibətimizin yanlış olma riskini çoxaldır. Bunu unutmayın!

Və bu səbəbdən qiymətləndirməniz nə olur olsun, hər zaman risklərə qarşı ehtiyatlı olun, ekspertlərin, rəsmilərin fikirlərini dinləyin, risklərə qarşı etinasızlıq təklif edən insanlardan, fikirlərdən uzaq durun.

Qorxaraq yaşamayın, amma hər zaman diqqətli qalın! ?