İstər ayrı-ayrı şəxslər, istər şirkətlər, istərsə də digər qurumlar real həyatlarında öz onlayn reputasiyalarının təsirləri ilə daim üzləşirlər. Bu təsirlərin dərəcəsi nə qədərdir? Gəlin, statistik məlumatlarla təsvir edək.

Bloq

3 Növ Statistik Məlumatla Onlayn Reputasiyanın Əhəmiyyəti

İstər ayrı-ayrı şəxslər, istər şirkətlər, istərsə də digər qurumlar öz onlayn reputasiyalarının təsirləri ilə daim üzləşirlər. Bu təsirlərin dərəcəsi isə həmin şəxslərin və ya şirkətlərin həyatlarını dəyişdirəcək qədər böyükdür. Aşağıda göstərəcəyimiz 3 növ statistik məlumatlarla onlayn reputasiyanın əhəmiyyətini təsəvvür etmək daha asan olacaq. Nümunə kimi onlarla, hətta yüzlərlə bu tərz statistika göstərmək olar, lakin biz onlardan ən vaciblərini seçib Sizə göstərəcəyik. Başlayaq…

1.  Qeyd edəcəyimiz birinci növ statistik məlumatlar axtarış platformalarının əhəmiyyətini təsvir edir. Axtarış nəticələrində ilk səhifədə haqqınızda yalnızca 1 neqativ məlumat olsa belə potensial müştərilərinizin 22%-ni itirə bilərsiniz. Davam edək, əgər 2 neqativ məqalə olarsa, itirəcəyiniz potensial müştəri sayı 44%-ə çatır, 3 neqativ məlumatla bu rəqəm 59.2%-dir. Əgər hələ də fəaliyyətinizə bir yolla davam edirsinizsə, 4 və daha çox neqativ məqalə biznesinizi bağlamağa artıqlamasıyla kifayət edəcək. Bu halda Siz potensial müştərilərinizin 70%-niitirəcəksiniz. Diqqət edin, bu statistik məlumatlar təkcə axtarış sistemlərindəki neqativ məqalələri və onların yalnızca müştərilərin qərarına necə təsir etməsini göstərir. Buna baxmayaraq bütün biznesiniz üçün necə böyük bir risk yaratdığını hiss etdiniz, elə deyil? Bunun tərsi də, yəni pozitiv məqalələr də Sizə çoxlu müştərilər gətirəcək, amma pozitivlər haqqında növbəti kateqoriyada danışaq.

2. İkinci növ statistika qiymətləndirmələrlə (review) bağlıdır. İndi istər sosial media səhifələri olsun, istər Amazon, Yelp, Airbnb, Google Maps kimi xüsusi əməliyyat platformaları, istərsə də Bazaarvoice, Trustpilot kimi qiymətləndirmə platformaları ya da öz şəxsi səhifələriniz istifadəçilər və müştərilər tərəfindən qiymətləndirmə aparılması üçün böyük imkanlar yaradır. Bir sözlə nə məhsul alırıqsa, hansı xidməti istifadə ediriksə, onu bir çox yerdə qiymətləndirə bilirik. Bəs bu qiymətləndirmələrin təsiri nələrdir? Yeni müştərilərin 90%-i biznes məkanına getməzdən əvvəl həmin biznes haqqındakı qiymətləndirmələri oxuyur və bu onların 67.7%-nin alış qərarlarına təsir edir. Müştərilərin 84%-i onlayn qiymətləndirmələri şəxsi tövsiyələrlə eyni tutur. Onların 74%-i isə deyir ki, qiymətləndirmələr pozitivdirsə, onlar həmin biznesə inanırlar. Qiymətləndirməsi yüksək olan bizneslər qiymətləndirməsi olmayan bizneslərdən 200% çox satış edir ya da əgər bir biznesin onlayn qiymətləndirməsi varsa, bu onun müştərilərinin 63%-nin qərar verməsini asanlaşdırır. Mənfi qiymətləndirmələrin təsirini ifadə etməyə isə 1 statistika kifayət edir: 1 neqativ qiymətləndirmə 30 müştəri itirmək deməkdir. Düşünürük ki, vəziyyət çox açıqdır, artıq şərhə ehtiyac qalmır.

3. Üçüncü növ statistikamız isə işə qəbulu əhatə edir. Burada da vəziyyət əvvəlki statistikalarda olduğu kimi dramatikdir. İşə götürənlərin 70%-i namizədləri sosial mediada araşdırır. Əgər Sizin haqqınızda onlayn məlumat tapa bilməsələr, onların 57%-i Sizi müsahibəyə belə çağırmayacaq. Sosial media profillərinizi tapıblarsa, lakin profiliniz xoşlarına gəlməyibsə, onların 54%-i Sizi işə götürməkdən imtina edəcək. Bəs şirkətlər necə təsirlənir? Onlar üçün də oxşar ssenari mövcuddur. İş axtaranların 69%-i mənfi reputasiyası olan şirkətlərdən gələn iş təkliflərini rədd edir. Nəticə? Əgər iş və ya işçi axtarırsınızsa, profillərinizi dərhal nəzərdən keçirin.

Bu yazımızda qeyd olunan statistik məlumatlar aşağıdakı mənbələrdən toplanılıb:

  • Harvard Business Review
  • Forbes
  • Econsultancy
  • BrightLocal
  • Deloitte
  • Expertise
  • Social Media Today


© INPRESS PR Solutions