Bloq
Markalaşmaq Üçün Üç Sirr
Onlayn reputasiyanızı qurmaq istəyirsiniz: əmin olun ki, bunu markalaşmadan etməyə çalışsanız, nail ola biləcəyiniz şey ya heç nə olacaq, ya da rəqəmsal qarışıqlıq. Markalaşmaq sizə dəyər qatır, yol göstərir, sizi işıqlandırır, ən əsası da hədəf auditoriyanıza sizin harda və kim olduğunuzu göstərir. Markalaşmanın əhəmiyyətindən danışsam, çətin ki, bu yazını bitirə biləm, ona görə keçək əsas məqama… Necə markalaşa bilərik? Markalaşmanın yolları, addımları və istifadə ediləsi əsas alətləri haqqında daha sonra sizinlə fikirlərimi bölüşəcəm. İndi isə sizə markanızı qurarkən nələrə və ya kimlərə istinad edə biləcəyinizlə bağlı sirrlərə nəzər salaq. Qəhrəmanlarınızı tanıyın! Bir də səssiz oxuyun, rəqibləriniz eşitməsin!
1. Rəqibləriniz, ya da rəqibiniz olmasa belə sizinlə eyni işi görən şəxsləri və ya şirkətləri analiz edin. Eyni işi etsə belə, fərqli bazarda olduğu üçün rəqib sayılmaya bilər. Əsas da rəqiblərinizin problemlərinə fokuslanın. Nəyi düz etmirlər? Müştəriləri, auditoriyaları nələrdən narazıdır? Bunları müəyyən etdikdən sonra sizə düşən həmin problemləri daha yaxşı həll edəcək yollar hazırlamaq və markanızı həmin yollarda ucaltmaqdır. Diqqətli olun, yol dedim, yer demədim. Yəni markanız statik olmamalıdır, yol boyu oxşar analizlər edib, yeni problemləri tapıb, yeni yollarla həll edərək markanızı gücləndirməlisiniz. Əlbəttə ki, marka profiliniz tez-tez dəyişə bilməz, amma dəyişikliklərə adaptasiya ola bilər, hətta an gələr tam dəyişdirməyə də ehtiyac yarana bilər.
2. Komandanız var? Unutmayın, onlar həm də markanızın işçiləri ola bilər! Markanızı yaymağı və müdafiə etməyi onlardan yaxşı kim edə bilər ki? Hələ bir də, bugünki dünyada sosial medianı düşünün, komandanız əsl qəhrəman ola bilər… Düşünməyin ki, onlar markanızın işçiləri ola bilər deyəndə onlara sizi təbliğ etmələri üçün əlavə öhdəlik verilməsini nəzərdə tuturam. Qətiyyən! Bunun tək yolu onların sizin biznesinizin və ya markanızın tərkib hissəsi olmaqdan zövq almasıdır, hətta qürur duymasıdır. Düşünün ki, necə etmək olar? Cavab çox sadədir, gördüyünüz işdən, baxışınızdan (vision), missiyanızdan, öz işlərindən, iş mühitindən razı qalmalıdırlar. Bilirəm, çox uzun oldu, amma işin sirri başqadır, sayacaqlarım nə qədər uzun olursa olsun, bu məqam sadəcə 2 şeydən asılıdır: sizin gələcəyə baxışınız (vision) və o baxışları necə tətbiq edəcəyinizlə bağlı planlarınız. Bu iki məsələdə diqqətli olsanız, qalan işlər özü düzələcək.
3. Qiymətləndirmələr (review) olmadan olmaz. Qısaca deyim, artıq insanlar əvvəlki müştərilərin qiymətləndirmələrini görmək istəyir. Bəziləri yazır ki, bu reklamdır, “word of mouth”dur və s. Amma bu məsələ daha dərin və daha vacibdir. Başqa cür desək, bu artıq bir tələbdir! Yəni təklif etdiyiniz xidmətin xüsusiyyətlərindən biri də qiymətləndirmələrin olması olmalıdır. 2 ayrı hala baxaq. Birincisi, xidmətləriniz yaxşıdır, deməli heç bir problem yoxdur, qiymətləndirmələr də adətən pozitiv olacaq və onlar sizin üçün xidmətlərinizi satacaq. Əlbəttə ki, narazılıq edənlər də olacaq, siz də oradan problemlərinizi öyrənib həll edə biləcəksiniz, müştəriləriniz də yaxşı qiymətləndirmələrin arasında tək-tək çıxan neqativləri güzəştə gedəcəklər. Siz neqativləri həll etdikcə, həmin mənfi qiymətləndirmələr də yox olacaq. Əlbəttə ki, yeniləri də olacaq, amma işiniz niyə var? O yeniləri də həll etmək üçün. İkinci hal isə, xidmətlərinizin yaxşı olmamasıdır. Onda danışmağa (ya da yazmağa) dəyməz. Ən yaxşısı burada bitirim.
© INPRESS PR Solutions