Bloq
Lider və Şəxsi Marka
Glenn Llopis Forbes-də yayınlanan məqaləsində şəxsi markanın liderlik tələb etdiyini vurğulayır. Bu fikirlə razı olmaqla yanaşı, biz həm də düşünürük ki, bütün liderlərin özlərini markalaşdırmağa ehtiyacı var. Bu həqiqi liderlər üçün çətin olmayan, amma bir o qədər də həssaslıq tələb edən prosesdir.
Bir komanda daxilində lideri ayırd edən əsas xüsusiyyətlər digərlərini ilhamlandırmaq, inandırmaq, konfliktləri həll etmək, hər zaman həllərə fokuslanmaq, öyrənmək, öyrətmək və bu kimi digər amillərdir. Lakin burada haqqında danışacağımız təkcə komanda və ya təşkilat daxili liderlər deyil, həm də cəmiyyətin lider olaraq gördüyü şəxslərdir. Onlar üçün də bu liderlik xüsusiyyətləri keçərlidir, amma auditoriyanın böyüməsi yeni atributlar da tələb edir. Bunlar cəmiyyətə daha spesifik rasional və emosional dəyərlər təklif etmək və ixtisaslaşmaqdır. Bu da ancaq ciddi və sistemli markalaşma siyasəti ilə mümkündür. Necə? Suallarla izah edək:
- Liderlik profilim ümumilikdə nədən ibarətdir? Hansı xüsusiyyətlər məni lider edir və ya edə bilər?
- Kimlər məni dinləyir və izləyir?
- Öz auditoriyama hansı dəyərləri təklif edirəm? Onlar məndən nə gözləyir?
- Bu dəyərlər onlar üçün faydalıdırmı?
- Hansı mesajlarım auditoriyam üçün faydalıdır və onlar tərəfindən diqqətə alınır? Ya da cəmiyyətdə hansı fikirlərin formalaşmasında rol oynaya bilərəm?
Cəmiyyət üçün davamlı və etibarlı bir lider olmaq və ya lider olaraq qala bilmək üçün bu suallara hər zaman dəqiq və auditoriyanıza fayda gətirəcək cavablarınız olmalıdır. Yəni, bu suallara cavabınız yoxdursa: yumşaq tərzdə desək, liderliyiniz sual altındadır; səmimi olaraq desək, heç şübhəsiz, o ümumiyyətlə yoxdur. Markalaşmaq isə elə bu suallara cavab tapmaq və bu cavabların necə icra ediləcəyinə işıq tutmaqdır. Necə deyərlər, markalaşmaq öz-özünü işıqlandıran bir yoldur və bu yol sizi liderliyə aparır. Yolunuzu doğru seçin!
© INPRESS PR Solutions