Bir çox yerli startap mesajını yayan medianın audioriyası ilə öz hədəf kütləsinin uyğun gəlib-gəlmədiyini hesablamır və ya buna əhəmiyyət vermir.

Press

Anar Əskərov: “Yerli startaplar planlarında PR-ı unudurlar” - Fins.az-la müsahibə

Şirkətimizin təsisçisi Anar Əskərovun Fins.az-a müsahibəsi:


Fins.az-ın müsahibi PR üzrə mütəxəssis Anar Əskərovdur.

Qısa arayış: Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O, “INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-su, həmçinin Qafqaz regionunda ən böyük xəbər agentliklərindən biri olan “Report” İnformasiya Agentliyinin CEO-sudur. A.Əskərovun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.

Hazırda başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da startap şirkətləri inkişaf etməkdədir. Yeni yaranan şirkətlər PR-a planlı yanaşırlarmı?

Məlumdur ki, bazara yeni daxil olan startapların büdcələri məhdud olur. Nəticədə onlar marketinq və PR-a çox az xərc nəzərdə tuturlar. Yerli startapların əksəriyyəti ümumiyyətlə planlarında, strategiyalarında PR-ı unudurlar.

Ən təcrübəli startap komandaları belə Bakıda xidmətlərinin təqdimatını keçirərkən media ilə əlaqələrdə plansız fəaliyyət qururlar. Nəticədə tədbirin təşkilinə sərf edilən enerji və vəsait boşa gedir, fəaliyyətləri kiçik dairələrdə müzakirə olunur və əsas mesajları hədəflərindəki auditoriyaya çatmır.

Oturuşmuş şirkətlə yeni yaranan startap şirkət arasında PR-a yanaşmada fərq olmalıdırmı?

Startap dedikdə insanların həyatını rahatlaşdıran, mövcud problemlərin həllərini daha innovativ yollarla həll edən yeni şirkətləri nəzərdə tuturuq. Yeni yaranan şirkət hər hansı bir problemi həll etmək üçün yeni üsullar, yollar təklif edir. Həm startap, həm də təklif etdiyi xidmətlər cəmiyyətə tam aydın olmadığı üçün bu xidmətlərə tələbat da tam formalaşmamış olur.

Deməli, yeni şirkət xidmətləri ilə bağlı mesajlarını hədəf auditoriyasına daha çox və daha dəqiq ötürməlidir. Bu səbəbdən bazarda oturuşmuş şirkətlərin PR strategiyaları ilə startapların PR planları tam fərqli qurulmalıdır.

Qeyd etdiyiniz kimi startap şirkətlərin büdcələri az olur. Az büdcə ilə effektiv PR-a necə nail olmaq olar? Bunun üçün hansı həll yolları göstərə bilərsiniz?

Öncə şirkətin simasını təyin etmək lazımdır. Şirkətin siması dedikdə hansısa top-modelin və ya müğənninin startapın loqosu ilə şəkil çəkdirməsini nəzərdə tutmuram. Bu şəxs startapın CEO-su və ya komandanın digər üzvlərindən biri ola bilər.

Fikir versəniz, biz son illər şikrət adlarından daha çox şəxslərin adlarını eşidirik. Şirkətin siması onun danışan dilinə çevirilməli və startapın mesajını auditoriyaya dəyərli ola biləcək formada çatdırmalıdır.

Mesajın ötürülməsi üçün media ilə əlaqələr düzgün qurulmalıdır. Startap özünə tərəfdaş media seçərkən diqqətli olmalı, əməkdaşlıq edəcəyi medianın onun auditoriyası ilə eyni dildə “danışdığına” əmin olmalıdır.

Yerli startapların zəif cəhətlərindən biri də bu məqama diqqət yetirməmələridir. Təcrübə onu göstərir ki, bir çox yerli startap mesajını yayan medianın audioriyası ilə öz hədəf kütləsinin uyğun gəlib-gəlmədiyini hesablamır və ya buna əhəmiyyət vermir. Ona yalnız şəxsi kommunikasiya kanallarında (Facabook, Linkedin, İnstagram)  həmin xəbəri paylaşmaq üçün link lazım olur.

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da “axtaran nəsil” formalaşmaqdadır. “Axtaran nəsil” öz həyatlarını rahatlaşdırmaq üçün daim yeni xidmətlər və həllər axtarmaqdadır. Startaplar da bu tendesiyadan bəhrələnmək və xidmətləri ilə bağlı məlumatları, yenilikləri daima axtarışda olan insanlara çatdırmaq üçün kontent istehsal etməlidirlər. Kontent təkcə bir növdə, yəni mətn formasında yox, həm də digər növlərdə - video, foto, qrafik formada olmalıdır. İstehsal olunan kontentlər hər rəqəmsal platformaya və son trendlərə uyğun yaradılsa investorların da diqqətini tez çəkmiş olacaq. Unutmayaq ki, axtaran təkcə yeni nəsil deyil, həm də investorlardır.

Müəllif: Aynur Qəniyeva (Fins.az)


Müsahibəyə keçid: Fins.az