"Onlar rəqəmsal dünyada həmin brendin sahibini hərdən tapa bilməsə belə, yenə axtarır, tapır, müşahidə edir və izləyir. Bu səbəbdən biz son illər şirkət adlarından çox şəxslərin adlarını eşidirik".

Press

Anar Əskərov: “İşimizdən razı qalan müştərilərimiz bizim barəmizdə danışmağı xoşlamırlar”

Şirkətimizin təsisçisi Anar Əskərovun 1News-a müsahibəsi:


Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-sudur.

Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına ən düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.

Anar Əskərovla müsahibəni təqdim edirik:

- Bildiyimizə görə, təsis etdiyiniz şirkət Azərbaycanda şəxsi reputasiyanın idarə olunması ilə məşğul olan ilk qurumdur. Bu şirkətin yaradılması zərurəti haradan yarandı?

Biz uzun illərdir yeni media və ictimaiyyətlə əlaqələrlə (PR) məşğul oluruq. Texnoloji inkişaf bütün sahələrdə olduğu kimi PR-a da təsir edir və biz də onu izləyərək yeni alətləri öyrənib, araşdırırıq. Rəqəmsal dünyada bir markanın öz mesajını auditoriyasına çatdırması prosesi az qala hər gün dəyişir. Çünki artıq auditoriya istədiyi mesajı, istədiyi vaxtda və güvəndiyi kanallar vasitəsi axtarır və qəbul edir. “Axtaran nəsil” özünə lazım olan hər bir informasiyanı, xidməti, şirkəti, məhsulu axtararkən həmin markanın kimə məxsus olduğunu da bilmək istəyir.

Onlar rəqəmsal dünyada həmin brendin sahibini hərdən tapa bilməsə belə, yenə axtarır, tapır, müşahidə edir və izləyir. Bu səbəbdən biz son illər şirkət adlarından çox şəxslərin adlarını eşidirik. Danışdığım bu inkişaf Azərbaycanda da iki istiqamətdə baş verir. Bir tərəfdə “axtaran nəsil”, digər tərəfdə isə şəxsi markalar, yəni “tapılmaq istəyən nəsil” formalaşır. Hər kəs kimisə axtarır. Müştəri xidmət axtarır, xəstə həkim axtarır, həkim xəstə, sahibkar işçi, işçi iş axtarır və sair. Bütün bu axtarış prosesi rəqəmsal dünyada baş verir. Burada 1-ci məqam axtarılarkən tapılmaqdır. 2-ci məqam isə tapılarkən peşəkar, etibarlı və dolğun görünməkdir. Yəni tapılan şəxs barəsində uyğun və yaxşı tərtib edilmiş kontentin olmasıdır. Bizim komandanın da işi müasir PR alətlərindən istifadə edərək tapılmaq istəyən şəxsi markalara düzgün reputasiya qurmaqda dəstək göstərməkdir.

- İstənilən şəxs sizə müraciət edərək müştəriniz ola bilərmi? Hansı kriteriyalar əsasında seçim edirsiniz?

Hər hansı bir şəxsin reputasiyasının qurulması və ya idarə olunması bizim üçün böyük məsuliyyətdir. Bu səbəbdən müştəri seçiminə diqqətlə yanaşırıq. Hər bir müraciət edən şəxsin bu günə qədər olan rəqəmsal izləri, xarakteri və peşəkarlığı analiz olunur. Analizin əsasında biz müraciət edən şəxsin bacarıqlarının, rasional və emosional dəyərlərinin auditoriyasına və ümumilikdə cəmiyyətimizə mənfi təsirlərinin olmayacağına tam əmin olduqdan sonra işə başlayırıq. Misal üçün bu günə qədər barəsində çoxlu şikayət göndərilən və narazı xəstəsi olan həkimə xidmət göstərmirik.

- Hər hansı bir şəxsin reputasiyasının qurulması və ya qorunması üçün müsbət qərar verilərsə, sonrakı proses necə olur? Yəni, müraciət etdi, analiz etdiniz, sonra nə baş verir?

Güclü reputasiya qurmaq istəyən şəxs ilk öncə özündən və həyatdan nə istədiyini dəqiq bilməlidir. Yəni, “vizion”u olmalıdır. Nə istədiyini bilməklə yanaşı, bunu niyə istədiyini də bilməlidir. Özü ilə bağlı 1 il, 3 il və 5 il sonranı görməli, nəyə nail olmaq istədiyini və 5 il sonra reputasiyasını necə gördüyünü ən azından hiss etməlidir. Bu çox vacib məqamdır. Bu səbəbdən müraciəti qəbul olunan şəxs bizim xüsusi hazırladığımız sorğu formasını cavablandırır. Həmin sorğudan gələn cavablar əsasında şəxsin minimum 6 aylıq Reputasiya Strategiyası və bu strategiyanın idarə olunması sənədi hazırlanır, həmin şəxsə təqdim olunur. Strategiya qəbul olunduqdan sonra yola çıxır və hər addımı ona uyğun atırıq. Əlbəttə, yolda yeniliklərlə qarşılaşa bilərik. Belə hallarda strategiyanı yenidən nəzərdən keçirir, lazımi düzəlişləri edirik.

- Belə başa düşdüm ki, sizdə müştərilər haqqında geniş məlumat bazası yaranır. Bu cür məlumatlar da gizli saxlanılmalıdır. Şəxslərlə bağlı məxfilik necə təmin olunur?

Tamamilə, doğru qeyd etdiniz. Komandamızın əsas dəyərlərindən biri məxfiliyin qorunması öhdəliyidir. Yəni müştərinin razılığı olmadan onun özü və kimliyi barədə heç bir məlumat 3-cü şəxslərə ötürülmür və heç bir yerdə yayımlanmır. Adətən, görüşlərdə işimizin keyfiyyətini ölçə bilmək üçün bizdən kimlərə xidmət göstərdiyimizi soruşurlar. Bizim üçün çətinlik yaratsa belə, biz heç bir halda xidmət göstərdiyimiz şəxslərin adını açıqlamırıq. İşimizdən razı qalan müştərilərimiz də bizim barəmizdə çox da danışmağı xoşlamırlar (gülür).

- Sizə əsasən hansı sahələri işləyən mütəxəssislər və ya nümayəndələr müraciət edir? Yəqin, bu məlumat məxfi deyil.

Bəli, sahələri məmnuniyyətlə açıqlaya bilərəm. Ən çox müraciət maliyyə və səhiyyə sektorlarından olur. Biznes mühitindən əsasən şirkət rəhbərləri və ya müavinləri maraq göstərir. Ümumiyyətlə, istənilən sektorda sağlam rəqabət yüksəldikcə, həmin sahənin nümayəndələrinin bizim işimizə tələbatı artır və gələcəkdə daha çox artmasını gözləyirik.


Müsahibəyə keçid: 1News.az