Bloq
Kontentdə Müxtəliflik
Xidmətlərimiz və ya özümüz kiməsə lazım olduqda onlar bizi axtarır. Axtarış əsasən Google və ya birbaşa sosial şəbəkələr üzərindən aparılır. Axtarılarkən ortaya çıxan məlumatlar onlayn reputasiyamızı qiymətləndirmək üçün ölçülür və bu nəticələr seçimə təsir edir.
Axtarılarkən düzgün görünmək üçün ortaya çıxan kontentin 4 tipi barədə keçən yazılarımızda qeyd etmişdik: Uyğunluq, həcm, qarışıqlıq və müxtəliflik.
Barəmizdə çıxan nəticələr brend profilmizə uyğun olmalı, kontentin həcmi az, tərkibi isə qarışıq olmamalıdır. Bu yazıda kontentin 4-cü tipi yəni müxtəlifliyi barədə qeydlərimizi paylaşmaq istəyirik.
Axtarılarkən haqqımızda çıxan kontentin tərkibinin müxtəlif olması ən vacib amillərdəndir. Müxtəliflik dedikdə burada bizə aid nəticələrin tərkibinin kontentin hansı növlərindən ibarət olmasını nəzərdə tuturuq.
Kontentin əsas növlərinə mətn, foto, video, audio və vizual aiddir. Məlumdur ki, onlayn reputasiyamızı inkişaf etdirmək üçün biz planlı şəkildə kontent yaratmalı oluruq. Bunun üçün qeyd etdiyim növlərdən birini seçib fəaliyyətə başlayırıq.
Təcrübə onu göstərir ki, kontent yaradarkən biz istehsalı daha rahat başa gələnini seçirik. Misal üçün bloq yazmaq. Bloq yazmaq bizə rahatdırsa, yalnız onun üzərində çalışırıq, vaxt tapıb sahəmizə uyğun mövzuları araşdırıb təcrübəmizi paylaşır, nəticədə çoxlu mətn istehsal edirik.
Bu prosesdə axtarış platformalarında sadəcə bizə aid mətn nəticələrinə təsir etmiş oluruq və digər növlərdə pozisiyamız zəif olur.
Aşağıdakı fotoda da bu aydın şəkildə görsənir.
Foto 1
Deməli axtarılarkən tapılmaq kifayət deyil. Çünki axtaran insanların hər birinin üstünlük verdiyi kontent növü var. Kimisi araşdırarkən oxumağı, kimisə oxumağa vaxt itirməyib axtardığı məlumatı video formasında qəbul etməyi xoşlayır. Kimisi isə axtardığı şəxs barəsində təəssüratı fotolardan almağa çalışır. Onlayn reputasiyanı düzgün formalaşdırmaq üçün qeyd etdiyimiz kontent növlərini paralel olaraq planlı şəkildə profilinizə uyğun formada mütəmadı istehsal edin. Əgər vaxtınız yoxdursa bu işi peşəkarlara etibar edin J.
© INPRESS PR Solutions