Bu qədər çox ziyarətçini itirmə ehtimalı yenidən hədəfləmənin necə mühüm bir iş olduğunu ortaya qoyur. Gedəni qaytarmaq lazımdır, həm də istisnasız!

Bloq

Yenidən Hədəfləmə Necə İşləyir

Qısaca desək, yenidən hədəfləmə (retargeting) internet səhifənizə daxil olmuş şəxsləri öz daxili kanallarınıza geri gətirmə metodudur. Yəqin ki, hansısa səhifəni ziyarət etdikdən və ya axtardıqdan sonra o markaya aid bannerləri öz sosial media hesablarınızda və ya brauzerinizdə görmüşsünüz. Böyük ehtimal, axtardığınız kontentə uyğun reklamları elektron məktub vasitəsilə də qəbul etmişsiniz. Bunlar həmin markaların yenidən hədəfləmə fəaliyyətlərinin nəticəsidir.

Business Insider-in verdiyi statistikaya görə, 97% ziyarətçi sayta ilk dəfə gələrkən alış-veriş etmir. Əlbəttə, bu statistika ancaq kommersiya səhifələri üçün keçərlidir, amma ümumi mənzərəni də böyük ölçüdə təsvir edir.

Bu qədər çox ziyarətçini itirmə ehtimalı yenidən hədəfləmənin necə mühüm bir iş olduğunu ortaya qoyur. Gedəni qaytarmaq lazımdır, həm də istisnasız 😊.

Bir az texniki məqamlara toxunaq. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, yenidən hədəfləmə üçün ziyarətçilərin davranışlarını izləmək, qeydə almaq və analiz etmək vacibdir. Yəni burada bildiyiniz məlumatların idarə olunması (data management) prinsipləri işləyir. Bu necə baş verir? 

Hər hansı bir səhifəyə daxil olduqda həmin səhifə sizin brauzerinizə “cookies” yerləşdirir. Əminik, hansısa səhifəyə ilk dəfə daxil olanda qarşınıza çıxan ilk xəbərdarlığın bu olduğunu yəqin etdiniz 😊. Bu alət vasitəsilə daha sonra rəqəmsal olaraq haraya getsəniz, harada olsanız, həmin səhifə sizi ayırd edə bilir: bir növü kinolarda gördüyümüz “izləmə çipi” kimi. Nəticədə isə siz olduğunuz yerdə sizin üçün hazırladığı reklam kontenti qarşınıza çıxmış olur. Başqa cür desək, hədəf auditoriya harada, marka da orada 😊.

Həmin reklam əvvəlki fəaliyyətinizlə bağlı olduğu üçün diqqətinizi daha tez və daha çox çəkir, bu da yenidən hədəfləməni ənənəvi üslubdan çox daha cəzbedici edir. Əlavə olaraq bu işi görən marka hədəf auditoriyasını məktublarla, zənglərlə yormayır, bu kimi xərclərə də qənaət etmiş olur.

Bu üstünlükləri statistik məlumatlar da təsdiqləyir. Belə ki, Facebook-un yaydığı məlumata görə, bu platformada yenidən hədəfləmə üsulu ilə yerləşdirilən bannerləri istifadəçilərin açması ehtimalı ənənəvi reklam bannerlərindən 76% çoxdur.

Ayrıca yenidən hədəfləmə (retargeting) xidmətləri təklif edən peşəkar platformalarla yanaşı, Google və Facebook kimi nəhəng şirkətlər də artıq bu istiqamətdə rəqəmsal xidmətlər təklif edir. Növbəti yazılarımızda yenidən hədəfləmə işini necə yürütməli olduğunuz və istifadə edə biləcəyiniz alətlər barədə bilgilərimizi sizinlə bölüşəcəyik.