Yenidən hədəfləmə o qədər faydalı və çox istifadə edilən üsluba çevrilib ki, yeni texnologiya dünyasının ən nəhəngləri belə öz auditoriyalarına bu xidmətləri təklif edir.

Bloq

Yenidən Hədəfləmə Platformaları

Yenidən hədəfləmənin (retargeting və ya remarketing) nə olması və necə işləməsi haqqında daha əvvəl danışmışdıq. İndi isə bu üsul üçün ən geniş imkanlar yaradan və ən asan tətbiq edə biləcəyiniz platformalar və onların iş prinsipləri haqqında danışacağıq.

Yenidən hədəfləmə o qədər faydalı və çox istifadə edilən üsluba çevrilib ki, yeni texnologiya və internet dünyasının ən nəhəngləri öz auditoriyalarına bu xidməti təklif edirlər. Onların arasında Google və Facebook da var. Bu yazımızda elə bu 2 şirkətin təklif etdiyi xidmətləri vurğulayacağıq.


  1. Google Adwords

Google-un uğurları, bugünkü dünyamıza gətirdiyi yeniliklər, istər şəxsi maraqlar, istərsə də biznes fəaliyyəti üçün təklif etdiyi əvəzsiz imkanlar hamıya məlumdur. Bir çox sahədə işlər görən Google-un uğuzsuz layihələrinə çox az rast gəlirik. Google Adwords isə onun ən uğurlu və ən çox gəlir gətirən layihələrindən biridir. Burada reklam yaratmaq da olduqca asandır.

Bəs Google Adwords-in yenidən hədəfləmə prinsipləri nələrdir? Ümumilikdə Google Ads yenidən hədəfləmə üçün 5 fərqli seçim təklif edir: 

  • Standart yenidən hədəfləmə: bu xidməti seçməklə saytınızı əvvəl ziyarət etmiş şəxslərə müxtəlif səhifələrdə öz reklamlarınızı göstərmə imkanı əldə edirsiniz.


  • Dinamik yenidən hədəfləmə: bu xidmətlə saytınızda xüsusi məhsullara və ya xidmətlərə baxmış şəxslərə öz reklamlarınızı göstərə bilərsiniz.


  • Axtarış reklamları üçün yenidən hədəfləmə siyahısı: insanlar sizin məhsulunuz və ya xidmətlərinizi ya da daxil etdiyiniz sözləri axtardıqda bu alət vasitəsilə onlara Google-un ilk səhifəsində reklamlarınızı göstərmək mümkündür.


  • Video yenidən hədəfləmə: bu alət YouTube-da və ya digər səhifələrdə videolarınızı izləyən şəxslərə reklamlarınızı göstərmə imkanı yaradır.


  • Müştəri siyahılı yenidən hədəfləmə: Bu xidmətlə artıq siz hazırkı müştərilərinizin və ya kontaktlarına sahib olduğunuz digər şəxslərin siyahısını əlavə edərək Google-un müxtəlif məhsulları vasitəsilə onlara öz reklamlarınızı çatdırırsınız.

Seçiminizi edib auditoriyanızı təyin etdikdən sonra, siz öz kampaniyanızı hazırlayır və yayımlayırsınız.

Quraşdırma işlərinin pulsuz olması ilə yanaşı minimum ödəniş məbləği də yoxdur. Bu da yalnız hədəf auditoriyanızın sizin reklama təmas etməsi halında ödəniş etməyiniz deməkdir. Ödənişlər CPM (reklamı görən hər min nəfərə görə), CPC (hər bir klikə görə) və ya CPA (reklamın satışa çevrilməsi nəticəsində) əsaslıdır.


  1. Facebook Ads: Custom Audiences

Yenidən hədəfləmə bazarına yön verən digər nəhəng qurumlardan biri də Facebook-dur. 1 milyard nəfərdən çox aktiv istifadəçi ilə Facebook-un yenidən hədəfləmə imkanları sonsuzdur.

İlk öncə Custom Audiences əlavəsi vasitəsilə yaradılan “Facebook pixel”i öz saytınıza yerləşdirirsiniz. Bu kod saytınızın müxtəlif səhifələrinə daxil olan insanların ayaq izlərini qeyd edir və sizin üçün auditoriya toplayır.

Google Adwords-də olduğu kimi burada da siz saytınıza və ya sayt daxilindəki xüsusi səhifələri ziyarət edən şəxslərin ayrı-ayrılıqda siyahısını tərtib edə bilərsiniz. Minimum 20 ziyarətçi topladıqdan sonra siz artıq həmin siyahıdan reklam məqsədləri üçün istifadə edə bilərsiniz.

Saytınızın ziyarətçilərindən savayı mobil tətbiq istifadəçiləriniz və elektron poçt siyahınızdakı kontaktlarınız üçün də reklam yaratma imkanına sahibsiniz. 

“Facebook Ads”in digər bir üstünlüyü isə hazırkı auditoriyaya oxşar xüsusiyyətlərə sahib yeni auditoriya siyahısı yaratma imkanıdır. Bununla da siz yeni müştərilərə çatmış olursunuz. Bu funksiyanın işləməsi isə olduqca sadədir. Custom Audiences vasitəsilə hazırlanan siyahı üçün reklam yaratdıqdan sonra Lookalike Audiences funkasiyası ilə həmin reklam “re-engaging customers” üçün də tətbiq edilir. 

Google Adwords-dən daha ucuz olan və daha effektiv olduğu hesab edilən Facebook Ads də minimum xərcləmə limiti tələb etmir və ödənişlər CPC və ya CPM əsası ilə həyata keçirilir.


© INPRESS PR Solutions