Potensial auditoriya kimdir və hansı xüsusiyyətlərə sahibdir? Rəqəmsal hədəfləmədə bu sualın cavabı əhəmiyyətli deyil. Mühüm olan onların rəqəmsal davranışını izləmək və bu davranışı hədəflərə çevirməkdir.

Blog

Rəqəmsal Hədəfləmə 2: Davranış Mərkəzli Yanaşma

Əvvəlki yazılarımızdan birində rəqəmsal hədəfləmənin nə olduğu və xarici kommunikasiya kanallarında yerləşdirilmiş kontentə əsasən hədəf auditoriyasının necə təyin ediləcəyi haqqında danışdıq. İndi isə bu prosesin 2-ci mərhələsi ilə bağlı fikirlərimizi sizinlə bölüşəcəyik. 

Rəqəmsal hədəfləmə auditoriyanın internetdəki davranışını izləyirona əsasən yol xəritəsi təyin edir. 1-ci mərhələdə dəyər təklifinizə uyğun kontenti xarici kanallarda izləyən şəxslərə təmas edib onları daxili kanallara yönəldirik. Onlar daxili kommunikasiya kanallarınıza qoşulduğu anda rəqəmsal hədəfləmənin 2-ci mərhələsi başlayır. Necə? 

Artıq hər hansı bir şəxs saytımıza və ya digər kanallarımıza gəldiyi vaxt onun buradakı davranışını izləmək və qeydə almaq imkanına sahibik. Davranış deyərkən, həmin şəxsin sayta hansı mənbə (axtarış platformaları, digər saytlar, sosial media, birbaşa və s.) üzərindən keçid etdiyi, sayt daxilində hansı səhifələrə girdiyi, hansı səhifədə nə qədər vaxt keçirdiyi, hansı növ kontentə (yazılı, vizual, audio və s.) üstünlük verdiyi, və digər məlumatı nəzərdə tuturuq.

Daxili kommunikasiya kanalınıza təmas edən hər kəs sizin üçün potensial hədəfdir. İndi yuxarıda göstərdiyimiz hərəkətlərin hər birinin sizin üçün nə ifadə etdiyini yoxlayaq. Potensial hədəf şəxsin:

  • Sayta hansı mənbə üzərindən keçid etdiyi: həmin şəxsi harada axtaracağınızı bilmiş olursunuz. 
  • Saytda daxil olduğu səhifələr: auditoriya nələrə maraq göstərir. Dəyər təklifinizi, kontentinizi hazırlayarkən və yeniləyərkən misilsiz mənbə əldə etmiş olursunuz.
  • Hansı səhifədə nə qədər vaxt keçirir: auditoriyanız nəyi axtarır, nə istəyir. Yenidən hədəfləmə (“Retargeting” – bu haqda növbəti yazılarımızda danışacağıq) vasitəsilə eyni şəxsin qarşısına çıxdıqda ona nə təklif edəcəyinizi bilmiş olursunuz.
  • Hansı növ kontentə üstünlük verir: oxumaq, baxmaq, yoxsa dinləmək. Yenidən hədəfləmə vasitəsilə eyni auditoriyanızın qarşısına çıxdıqda onun üçün hazırladığınız təklifi nə formada təqdim edəcəyinizi bilmiş olursunuz. Kontentiniz müxtəlif olsun deyəndə nəzərdə tutduğumuz da elə bu idi.

Yəqin ki, gördünüz: bunlar hər növ məlumatın sadəcə 1 istifadəsi üçün nümunə olsa da, o qədər dəyər yaratdı ki… Daxili kommunikasiya kanalınıza təmas edən şəxsdən əldə etdiyiniz hər məlumatın sadəcə 1 növ istifadəsi ilə potensial auditoriyanızın yerini bilmiş oldunuz, dəyər təklifinizi yenidən formalaşdırdınız, hansı kontenti, məhsulu və ya xidməti təqdim edəcəyinizə qərar verdiniz və üslubunuzu dəqiqləşdirdiniz. Bu məlumatları başqa bir çox məqsədlər üçün istifadə etmək olur. Yaranacaq dəyəri təsəvvür edin!

Gördüyünüz kimi rəqəmsal hədəfləmədə auditoriyanın kim olması çox da əhəmiyyət kəsb etmir. Burada mühüm olan potensial auditoriyanı addım-addım izləmək, onun hər davranışını qeydə alıb analiz etmək, sonra da bu analizlər vasitəsilə həmin şəxsi yenidən hədəfləməkdir.


© INPRESS PR Solutions